12.03.2017
Martın 12-də qadınlar arasında həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Həndbol Federasiyasından (AHF) ikinci dövrədə qadınlar arasında baş tutan sonuncu qarşılaşmalarında “Gənclər Birliyi” komandası “Qarabağ”ı 32:30, Mingəçeviri təmsil edən “Nur” komandası isə “Azəryol”a 27:21 hesabı ilə qalib gəlib.
Sonra XXIV ölkə çempionatının bağlanış mərasimi olub.
Tədbirdə çıxış edən AHF-in prezidenti Saleh Məmmədov çempionatın əhəmiyyətindən danışaraq qeyd edib ki, federasiya qısa müddətdə yeni komandaların yaradılmasına və gücləndirilməsinə nail olub. O, əldə olunan nailiyyətlərə və həndbolun inkişafına göstərdiyi yüksək diqqətə və dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkə çempionatının yüksək səviyyədə keçirildiyini bildirib, federasiyaya və idmançılara uğurlar arzulayıb.
Sonda mükafatlandırma mərasimi keçirilib. Qadınlar arasında mübarizədə Mingəçeviri təmsil edən “Nur” komandası qızıl, “Azəryol” həndbolçuları gümüş, “Qarabağ” kollektivi isə bürünc medallara yiyələniblər. Daha sonra ayrı-ayrı nominasiyalar üzrə fərqlənən həndbolçulara mükafatlar təqdim olunub.